aze | rus | eng


Tarix

Təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan Bülbül adına orta ixtisas musiqi məktəbi Azərbaycanda özünəməxsus yeri olan tədris ocağıdır.

1920-ci illərdə Xalq Maarif Komissarlığının musiqi şöbəsinə başçılıq edən Üzeyir Hacıbəyli musiqi təhsili müəssisələrinin təşkili və milli kadrların hazırlanması məsələləri sırasında musiqi məktəblərinə xüsusi yer ayırırdı.

1921-ci ildə Üzeyir Hacıbəyli tərəfindən Xalq Maarif Komissarlığının təqdim etdiyi proqramda musiqi təhsilinin 3 pillədən ibarət olacağı nəzərdə tutulurdu. 1926-1928-ci illərin islahat proqramlarında musiqi təhsilinin “üç pilləliyi” qəbul edilir.

I pillə - musiqi məktəbi – 4 il, 30-cu ildən 5 il;

II pillə - orta professional musiqi təhsili - 5 il;

III pillə - ali musiqi təhsili – Konservatoriya – 5 il

1928-ci ildə Azərbaycan Respublikasında aparılan islahatlar üzrə Xalq Maarif Komissarlığı tərəfindən yeni musiqi tədris sistemi işlənib qərarlaşdırılmışdı və bu ildən məktəbin tarıxı başlanır.

1928 Konservatoriya üçün kadrların yetişdirilməsi işində, 1928-ci ilin islahatları böyük əhəmiyyət kəsb edir.Üz.Hacıbəyli on illik musiqi məktəbini Konservatoriyanın “ kadr təchizçisi” kimi qiymətləndirir. Məktəbin sistemli tədrisi məhz bu ildən yoluna qoyulur.

1930 Məktəbin proqramı təkmilləşdirilir. Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Məmmədsaleh İsmayılov, Fəridə Quliyeva, Məmməd İsrafilzadə bu dövrün şagirdləri olmuşlar.

1931 Məktəbin I pilləsinin bazasında 60 şagirddən ibarət olan uşaq musiqi qrupu təşkil edilir.

1933 – 1934 Yüksək musiqi qabiliyyəti göstərən uşaqlardan “Gənc istedadlar qrupu” yaradılır. “Gənc istedadlar qrupu”nun şagirdləri Davidoviç Bela, Atakişiyev Rauf, Orucov Məmməd, Nəzirova Elmira, Sadıxov Çingiz, Quseva Tatyana, Cəfərova Zəhra,Sultanova Asya, Kərimova (Məmmədyarova) Səyyarə, Çervinski Nikolay.

1937 Üz.Hacıbəylinin şəxsi təqdimatı və Xalq Maarif Komissarlığının İncəsənət şöbəsinin 13 sentyabr 1937-ci il tarixli qərarı ilə Kövkəb xanım Səfərəliyeva bu məktəbə direktor təyin olunur.

1937-1938 Azərbaycan SSR-nın Xalq Maarif Komissarlığı İncəsənət şöbəsinin qərarı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində (Moskva və Leninqrad Konservatoriyalarının nəzdindəki mərkəzi musiqi məktəbi tipli) təhsil sistemi yaradılır və “Gənc istedadlar qrupu” yenicə yaranmış mərkəzi musiqi məktəbinə daxil olub həmin məktəbin özəyini təşkil edir. Gənc istedadlara Azərbaycan Dövlət Konservatoriyasının professor – müəllim heyətindən İ.S.Aysberq, G.G.Şaroyev, V.L.Kozlov, S.L.Bretanitski, N.İ.Simberov, V.A.Bitner, L.İ.Rudolf, N.S.Çumakov, E.N.Nikomarova, A.A.Qrossman, L.N.Yeqorova, S.İ.Berolski,M.L.Bıkova, R.İ.Sirovıç, M.R.Brenner, V.A.Knyazkov, T.S.Qruşko, A.A.Kələntər, E.L.Finkelşteyn kimi musiqiçilər və bilavasitə Üzeyir Hacıbəyli dərs deyirdi.

1938-39 Azərbaycan Dövlət Konservatoriyasının nəzdində keçirilən Mərkəzi Musiqi Məktəbi yeni adla öz fəaliyyətini davam etdirir. Məktəbin direktoru yekdilliklə Kövkəb xanım Səfərəliyeva seçilir. Dərs hissə müdiri vəzifəsi təcrübəli pedaqoq –pianoçu R.İ.Siroviçə tapşırılır. Bü illərdə məktəbdə fortepiano, simli alətlər (arfa daxil olmaqla) şöbələrindən əlavə ağac və mis alətləri siniflər, kamera ansamblı sinfi, musiqi tarıxı kursu əlavə olunur.

1938 Şagirdlərdən ibarət orkestr təşkil edilir, orkestrə ilk öncə M.P.Anosov, 1940-cı ildən A.S.Şvarts rəhbərlik etmişdir. Eyni zamanda, “Unison” simli alətlər ansamblı M.V.Reytixin rəhbərliyi altında fəaliyyətə başlayır. “Uşaq yaradıcılığı” sinfinə Boris Zeydman rəhbərlik edir.

1939-1940 Aparılan əsaslı islahatlardan biri məktəbdə azərbaycan və rus bölmələrindən ibarət ümumtəhsil şöbəsinin açılışı olur. Məktəb ADK-nın nəzdində “10 illik musiqi məktəbi” adlanaraq müstəqil həyatına qədəm qoyur.

1952-1962 Məktəbə P.İ.Çaykovski adına Moskva Konservatoriyasını bitirmiş, məktəbin məzunu Tahir Atakişiyev rəhbərlik edir. Bu dövrdə direktor müavini vəzifəsini Z.V. Rəhmanova aparır.

1961 Onillik musiqi məktəbi dövlətin qərarı ilə yeni statusla əvəz edilir, məktəb “Orta ixtisas musiqi məktəbi adlanır. Məktəbi 10 illik təhsil sistemi 11 illik təhsil sistemi ilə əvəz olunur.

1964 -1986 Məktəbə bəstəkar Nazim Əliverdibəyov rəhbərlik etmişdir. Bu dövrdə məktəbin direktor müavini vəzifəsində Nailə Axundova, Elmira Məcidova işləmişlər. 1977-1990-ci illərdə isə direktor müavini vəzifəsində çalışan Səyyarə Məmmədyarovanın məktəbin həyatında əvəzsiz rolu olmuşdur. Bu dövrdə məktəbdə aparılan islahatlar öz nəticələrini verir. Məktəbdə fortepiano, nəzəriyyə,simlı, 1960-cı ildə təməli qoyulan Xalq Çalğı Alətləri şöbəsi özünün inkişaf dövrünü yaşayır. Nəzəriyyə şöbəsinə xor dirijorluğu ixtisası artırılır. Orkestr şöbəsinə və bilavasitə “Unison” skripka ansamblına İ.Spivak rəhbərlik edir. 60-cı illərdə məktəbdə təcrübəli müəllimlər Elmira Nəzirova, Səyyarə Kərimova(Məmmədyarova), Nailə Axundova, Eteri Məmmədova, L.Filatova, S.Qudelis, L.Xaldeyeva, N.Məmmədova, Maya Süleymanova, L.Qaraşarlı, Q.Şapiro, E.Cəbiyeva, E.Sadıxova və s. Müəllim heyətini təmsil edirdilər.

1980-cı ildə Xalq Çalğı alətləri şöbəsində xanəndə bölümü açılır. Bura Azərbaycanın müxtəlif guşələrindən respublika müsabiqələrində iştirak edib qalib gələn xanəndələr qəbul olunur. Bu şagirdlərlə respublikanın tanınmış sənətkarları Şövkət Ələkbərova, Arif Babayev, İslam Rzayev, az sonra Əlibaba Məmmədov dərs keçirlər.

1985-ci ildə “Unison” ansamblı bərpa olunaraq “Tutti” kamera orkestri adı ilə Teymur Göyçayevin rəhbərliyi altında fəaliyyətini davam etdirir. 1989-cu ildə ”Tutti” Kamera Orkestri Çelyabinskdə keçirilən “Müzıkalnıy podsnejnik” Ümumittifaq Uşaq Festivalında müvəffəqiyyətlə iştirak edərək laureat adını qazanmışdır.

1985 Məktəbə rəhbərlik etmək məktəbin məzunu Faiq Daşdəmirova tapşırılır.

1992-2010 Məktəbə musiqişünas, fəlsəfə elmləıri namizədi Nigar Cərullaqızı Əsgərova rəhbərlik etmişdir. Məktəbin tədris-tərbiyə işləri üzrə direktor müavini Sona İbrahimova olmuşdur. Bu illərdə yeni proqramlar işlənir, “Azərbaycan musiqisinin əsasları” fənninin saatları artırılır, “Azərbaycan xalq yaradıcılığı” fənni tədris edilir, xor dirijorluğu və bəstəkarlıq fakultativ dərsləri tam ixtisas fənləri kimi tədris planına salınır. Məktəbdə 1995-ci ildə xor kollektivi, 1996-cı ildə xalq çalğı alətləri orkestri, 1997-ci ildə uşaq simfonik orkestri yaradılır. Uşaq Simfonik orkestrinə Azərbaycanın xalq artisti Azər Rzayev rəhbərlik edirdi.

1994-ci ildə Teymur Göyçayevin rəhbərliyi ilə “Tutti” Uşaq kamera orkestri Müstəqillik Qazanmış Azərbaycanın Rusiyada keçirilən Mədəniyyət günlərində uğurla çıxış etmişdir.

2010-cu il Məktəbə Q.Qarayev adına Dövlət Kamera orkestrinin bədii rəhbəri və dirijoru, Xalq Artisti Teymur Göyçayev rəhbərlik edir.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.