Bülbül adına orta ixtisas musiqi məktəbində mütəmadi olaraq Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndələri ilə görüşlər təşkil olunur. Belə maraqlı görüşlərdən biri fevral ayında baş tutmuşdur. Xalq Artisti, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşova məktəbin qonağı olmuşdur. Elnarə xan;m şagirdlərin qarşısında çıxış edərək Bülbül adına məktəbin yetirməsi olduğundan qürur duyduğunu bildirmiş, öz yaradıcılıq yolundan ətraflı söhbət açmışdır.
Elnarə Dadaşova görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil almış, bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlamışdır. O, fortepiano, simli kvartet, kamera-instrumental, nəfəsli orkestr üçün əsərlər bəstələmiş, sənədli filmlərə silsilə musiqilər yazmışdır. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil etmişdir. Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E.Dadaşova, həmçinin “Polifoniya”, “Solfecio” üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbəridir.
Tədbirdə bəstəkarlıq üzrə fakultativ məşğul olan şagirdlər - Müjgan Zülfüzadə (müəllim P.Axundova), Əli Cəfərzadə (müəllim Ayaz Qəmbərli), Leyla Quliyeva (müəllim İlham Abdullayev) öz bəstələrini ifa etdilər. Daha sonra Elnarə Dadaşova şagirdləri maraqlandıran sualları cavablandırdı. Konsertdə Elnarə xanımın ifası dinləyıcilərin böyük marağına səbəb olaraq alqışlarla qarşılandı.