MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva istedadlı gənc musiqiçi Məhəmməd Allahverdiyev və onun anası - vokalist, estrada sənəti müəlliməsi Gülnarə Allahverdiyeva ilə görüşüb.
Bülbül ad. Orta ixtisas musiqi məktəbinin 8-ci sinif şagirdi Məhəmməd Allahverdiyev və onun anasını ilə görüşən Q.Paşayeva, ətraflı fikir mübadiləsi aparıb, ürək sözlərini bölüşüb: “Məhəmməd, əzizim, bilirəm ki, sən fortepiano şöbəsində təhsil alırsan, musiqi-caz üslubunda fəaliyyət göstərirsən və artıq bir sıra uğurlara imza atmısan.
Təhsil aldığın illər içində ardıcıl olaraq beynəlxalq musiqi festivallarında, yarışmalarda uğurla iştirak etmisən. Qardaş ölkələr Türkiyə və Pakistan, habelə, Braziliya, Danimarka, İran, İspaniya və İsrailin sənətçiləri ilə Azərbaycan musiqisini maraqlı sintez edərək, video təsvir vasitəsi ilə musiqimizi təqdim etmisən. Sənin Argentina və İtaliya layihələri, eləcə də, fortepianoda Azərbaycan muğamlarını dəstgah şəkildə yazdıraraq albom üzərində çalışman bizi sevindirir. Sənin Xalq artisti Salman Qəmbərov, Xalq artisti Samir Cəfərov, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, AMK-nin müəllimi, caz pianoçu Rövşən Rzayev və başqa sənətkarlarla çalışmağın qürurvericidir.
Bilirəm ki, özün, anan və müəllimlərin, caz xadimləri sənin istedadını nəzərə alaraq, ABŞ-ın Boston şəhərindəki “Berklee College of Music”in Caz şöbəsində təhsilini davam etdirməsini tövsiyyə edib. Ümidvaram, bu arzu həyata keçər və sənin yeni uğurlarının şahidi olarıq”.
Q.Paşayeva gənc musiqiçiyə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva iştirak edib, istedadlı gəncimizə uğurlar diləyib.