aze | rus | eng



"Mən hər şeydən əvvəl bizim illərin ruhunu qaytarmaq istəyirəm"

Təməli Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacibəyli tərəfindən qoyulan Bülbül adına Orta İxtisas musiqi məktəbi Azərbaycanda unikal tədris sisteminə malik təhsil ocağıdır. 20-ci illərin sonunda yaranaraq özünün hal-hazırki statusunu alana qədər uzun, islahatlı bir yol keçmişdir. İlk direktoru Kövkəb xanım Səfərəliyeva olan bu məktəb 1961 –ci ildən Azərbaycan vokal məktəbinin banisi, dahi Bülbülün adını daşıyır. Musiqi tariximizin görkəmli şəxsiyyətlərindən Q.Qarayev, C.Hacıyev, F.Quliyeva, T.Atakişiyev, E.Topçubaşova, R.Nərimanbəyli, T.Mahmudova, A.Rzayev, T.Quliyev, N.Əliverdibəyov, A.Əlizadə, X.Mirzəzadə, V.Adıgözəlov, Anar, R.Abdullayev, Y.Səmədoğlu, V.Səmədoğlu, S.Qəniyev, E.Mahmudov-Sabitoğlu, R.Zəka, Z.Adıgözəlzadə, F.Bədəlbəyli, P.Bülbüloğlu, F.Qarayev, A.Əliyev, F.Əlizadə, M.Adıgözəlzadə, İ.Hacıbəyov, E.Dadaşova, İ.Hacıyev, T.Şəmsiyev, R.İsmaylova, M.Hüseynov, Y.Axundova kimi şagirdlər bu məktəbin məzunları olmuşlar. Təsadüfi deyildir ki, bu gün məktəb - 70 –ci illərdəki fəxri şagirdi hal –hazırda Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbər və dirijoru Teymur GÖYÇAYEV tərəfindən idarə olunur. Onunla çox səmimi söhbətdə məktəbin son zamanlardakı uğurlu sədalarından danışaraq “qızıl dövrü”nün bərpası ilə əlaqədar apardığı rəhbərlik və yaradıcılıq məsələlərinə nəzər saldıq.

  - Məlum olduğu kimi Siz, Q.Qarayev adına Kamera Orkestrinin bədii rəhbər və dirijoru, eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktorusunuz. Bu iki idarəçilik istiqaməti arasında oxşarlıqlar nədən ibarətdir?

 

  - Oxşar cəhət ondadır ki, hər iki tərəfdə iradə göstərmək lazımdır. Yəni rəhbərin göstərdiyi istiqamət müzakirə olunmadan yerinə yetirilməlidir. Lakin fərq ondadır ki, orkestrda dirijor olaraq daha çox diktatorluq hökm sürürsə, birmənalı olaraq rəhbərə tabeçilik mütləqdirsə, məktəbdə bu məsələ fərqlidir. Burada uşaqlar və əsasən qadın müəllim kollektivinin cəmləndiyini nəzərə alaraq improvizasiyaya, sərbəst yaradıcı yanaşmaya daha çox yer ayırıram. Məsələn, şagirdin tədrisində düzgün olmayan istiqamətə meyl müşahidə edirəmsə, çıxış yolunu onun məktəbdən uzaqlaşdırılmasında deyil, digər alətə və ya nəzəri bilikləri imkan verirsə, nəzəriyyə şöbəsinə yönəldilməsində görürəm. Və ya belə hallarla da rastlaşılır ki, uşağın çox gözəl göstəriciləri və ümidverici istedadı var, lakin səhnədən “qorxur”. Bu halda da şagird nəzəriyyə şöbəsinə istiqamətləndirilir. Bir sözlə, hər bir halda istedadın yaratdığı imkanlar nəzərdə tutulur –bir sözlə yaradıcı yanaşma öndə durur. Digər tərəfdən, etiraf edəcəyəm ki, mənə məktəbdə çalışmaq daha xoşdur. Ətrafımda uşaqlar olduğu üçün mən burada daha mülayiməm və onları çox sevirəm.

 

  - Bülbül adına məktəbin məzunu olmusunuz. Sizin məktəb illərinizlə bü günkü təhsil sistemi arasında hansı analogiyalar müşahidə olunur?

 

  - Mən hər şeydən əvvəl bizim illərin “ruhu”nu qaytarmaq istəyirəm. Həmin dövrdə sağlam rəqabət duyulurdu, hər kəs digərlərindən yaradıcı mənada üstün olmağa çalışırdı, eyni zamanda bir –birimizlə paylaşmaq ənənəsi var idi. Məsələn, kimimiz yaxşı əsər oxuyurduqsa, mütləq digərlərimizə ötürür, incəsənət, ədəbiyyat sahəsində müzakirələr edərdik. Bizim dövrümüzdə musiqi fənnlərini bilməmək, əsərləri düzgün ifa etməmək ayıb sayılırdı. Illər sonra məktəbə başqa vəzifədə qayıdanda artıq müşahidə etdim ki, əvvəlki dövrün qiymətli cəhətləri itirilib. Məktəb - təhsil mərkəzi olmaq borcundan uzaqlaşıb. Bu, bəlkə şagirdların düzgün meyarlarla qəbul olunmamasından, bəlkə də başqa məqamlardan asılı idi. Fakt olaraq, birinci rəhbərlik ilində 200'dən artıq şagirdin məktəbdən uzaqlaşdırılması onu göstərdi ki, həmin uşaqlardan peşəkar musiqiçi tərbiyə etmək qeyri –mümkün olacaqdı.

 

  - İdarəçilikdə hansı sələfinizin prinsiplərini rəhbər tutursunuz?

 

  - Mən çox vaxt Nazim Əliverdibəyov dövrünün sisteminə əsaslanıram. Çünki özüm də onun idarəçilik dövründə təhsil almışam. Kiçik yaşlarımızdan hamımız ona dərin hörmət göstərir və nüfuzlu şəxsiyyət hesab edirdik. Hər şeydən vacib odur ki, rəhbərin idarəçiliyi onun professionallığı üzərinə dayaqlansın. Belə olduqda, o, istənilən vaxt şagirdi artıq direktor kimi deyil, dirijor kimi səhnəyə - birgə çıxışa dəvət edə bilər. Bu zaman uşaqların ümidi, inamı artır. Deyilən sözə riayət olunarkən uşaqların gözündə qiymətləndirmə meyarı dəyişir, yüksəlir və gözlənilən nəticə əldə edilir. Rəhbərliyə gəldiyim il burada ən çoxu 20 parlaq şagird var idi və yalnız onlar konsertlərə çıxarılırdı. Ancaq bugünkü gündə biz –məktəbin musiqi işləri üzrə direktor müavini Aytən xanım Əhmədova ilə belə bir siyasət yürüdürük ki, təhsil alan şagirdlərin böyük hissəsi yaradıcı atmosferə qoşulsun. Bu prinsip N.Əliverdibəyov dövründən bizə yadigar qalmışdır. Mütləq şəkildə uşaqların akademik konsertlərdə çıxışları, daim səhnə ilə təmasda olması vacibdir. Çünki səhnə təcrübəsi olmayan musiqiçi heç vaxt sözün əsl mənasında musiqiçi ola bilməz. Bu baxımdan tez –tez şagidləri Kamera orkestrinə solist kimi dəvət edirəm. Əsas məqsədimiz şagirddə əsl ifaçılıq məktəbinin təməlini yaratmaq, sonradan məzunlarımızla fəxr etməkdir.

 

  - Sizin fikrinizcə, müəllim - şagird münasibətlərində qərəzsizliyə necə nail olmaq mümkündür?

 

  - Bu, tam şəkildə müəllimdən asılıdır. Əgər müəllim həqiqətən də qarşılıq ummadan biliyi ilə bölüşürsə, bu, çox gözəldir. Eyni zamanda elə şagirdlər olur ki, doğrudan da əlavə dərslərə ehtiyacları var. Bunun qarşılığında itirilmiş zaman və enerjidən söhbət getdiyi üçün müəllim təbii ki, valideyn tərəfindən əziyyətinin müqabilini görməlidir. Müəllim –qərəzsiz sənətdir. Müəllimlik –vergidir. Əgər bu bacarıq tam olaraq maddiyyatla əlaqələnərsə, onda istedad Allah tərəfindən həmin insandan alınar, yüksəklik səviyyəsi əldən verilmiş olar. Bu sənətdə sui –istifadə hallarıkeçərli deyil, çünki uşaqlar incəhissiyyata malikdirlər, onları aldatmaq olmaz. Müəllimlərin dərsə davamiyyətindən şikayət etdikləri məqamda mən uşağı günahlandırmıram. Səbəbi müəllimdə axtarmaq lazımdır. Şagird ona maraqlı olan fənnə heç vaxt laqeyd olmur. Nəyə görə uşaqlar arasında “sevimli” və “sevimli olmayan” müəllim anlayışı var?! Bu, müəllimin sevgiylə paylaşdığı fənninə uşaqların vurğunluqla yanaşmasının nəticəsidir.

 

  - Məktəbin rəhbərlik prinsipləri və idarəçilikdə əlaqədar hansı dəyişikliklər nəzərdə tutulur?

 

  - Məktəbdə fəaliyyətə başladığım müddətdə hər şeyi yenidən başlamağı məcbur idik. Yeni alətlər –qoboy, arfa, kontrabas almışıq, qarşıda zərb alətləri – marimbafon alınacağı, fortepiano ifaçılığı şöbəsinin alətlərinin yenidən bərpa olunacağı, yeniləri ilə əvəz olunacağı nəzərdə tutulub. Bütün bu məsələlər üzərində çox böyük işlər gedir, şöbələrdəki şagird balansı bərabərlərşdirilir. Məsələn, mənim gəldiyim vaxtda fortepiano şöbəsində 300'ə qədər pianoçu var idisə, hazırda onların sayı 125'dir. Orkestr şöbəsində 20 şagird var idisə, indi 100'ə qədər artırılıb. Orkestrdə ehtiyac duyulan violonçel aləti üzrə cəmi 1 şagird var idi, bu gün onların sayı 5'dir. Hər şey tədricən yoluna qoyulur. Ilk mərhələ üçün mən özümə 5 il vaxt vermişəm, artıq 2 ili geridə qalıb. Ilk ili hesaba almıram, çünki həmin il dəhşətli qarışıqlıq dövrü idi. Qısa zaman ərzində qeyri –peşəkar məsələləri aradan qaldırmaq vacib idi. Bu il, yəni 2011 -2012'ci tədris ili artıq ciddi iş, qiymətləndirmə ili oldu.

 

  Məktəbdəki uğurlu inkişaf yolunda dəyişikliyi istəməyən insanlar lazımsız fikirlər irəli sürərək yalnış məlumatlar yaymağa çalışırlar. Amma Sizi inandırmağa çalışıram ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Respublika rəhbərliyinin incəsənətin cəmiyyətdəki rolunu gücləndirməklə mədəniyyət sahəsi üzrə nəzərdə tutduğu dəyişikliklər sayəsində məktəbimizdəki vəziyyət yaxşılığa doğru dəyişilir və gələcəkdə məktəb rəhbərliyinin kimliyindən asılı olmayaraq dəyişiləcəkdir. Bu, heç kim tərəfindən dayandırıla bilinməyəcək bir prosesdir.

 

  - Şagirdlərin istedad və dünyagörüşləri hansı səviyyədədir?

 

  - Səmimi deyəcəyəm, bizdə istedadlı şagirdlər həddən artıq çoxdur, lakin onların dünyagörüşü istənilən səviyyədə deyil. Bu problemi aradan qaldırmaq üçün yeni metodlar axtarırıq. Düşünürük ki, tədris planına incəsənətin bütün sahələri ilə bağlı fənnlər daxil edək. Biz çalışırıq ki, muzeylər, sərgi və konsert salonları ilə danışığa gəlib uşaqların sərbəst girişini təmin edək və onların dünyagörüşünün genişlənməsinə yardımçı olaq. Yeri gəlmişkən, şagirdlərimiz üçün bütün keçirilən konsertlərə sərbəst giriş imkanı yaratdığına görə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

 

  Mən şagirdlərimizin kütlə arasından özlərini idarə etməsi, xarici görünüş, zövq, ümumiyyətlə, bütün cəhətlər üzrə seçilməsini istəyirəm. Çünki onlar cəmiyyətin, gələcək nəslin qabaqcılları olaraq hər şeyə düzgün münasibəti və seçimi diktə etməlidirlər.

 

  - Hal –hazırda məktəbdə hansı şöbələr fəaliyyət göstərir?

 

  - Mənim rəhbərlik fəaliyyətimin ilk dövründə məktəbdəki vokal və xalq çalğı alətləri şöbəsinin bağlanması haqqında yalnış fikirlər yayılmışdı. Onu vurğulamaq istəyirəm ki, bizdə nəinki bütün şöbələr fəaliyyətdədir, hətta əvvəllər fəaliyyət göstərməyən və ya zəif fəaliyyətdə olan şöbələr (məsələn, nəfəs alətləri) bərpa olunmuşdur. Intensiv inkişafla nəfəsli alətlər orkestri yaratmaq üzərində iş aparırıq. Orkestr alətləri şöbəsi acınacaqlı vəziyyətdə idi. Bu günə qədər bizdə kontrabas sinfi yoxdur. Yeni tədris ilindən etibarən bu problemi həll etməyi düşünürəm, artıq müəllim dəvət olunub və alət alınmışdır. Məktəbimizdəki şöbələrdən bəstəkarlıq və xalq çalğı alətləri şöbəsi daha fəal şəkildə yaradıcılıqla məşğuldur.

 

  - Bəstəkarlıq şöbəsi haqqında məlumat vermənizi rica edirəm...

 

  - Azərbaycan bəstəkarlıq məktəbi böyük ənənəyə malikdir və bu ənənələr uğurlu şəkildə davam etdirilir. Bu gün məktəbimizin bəstəkarlıq şöbəsi məni çox sevindirir. Bu şöbə üzrə fəaliyyət göstərən müəllimlər sözün əsl mənasında yaradıcı insanlardır. Pikə xanım Axundova, İlham Abdullayev və Ayaz Qəmbərlinin adlarını çəkməliyəm ki, onların çox böyük əməyi sayəsində bəstəkarlıqla məşğul olmağı arzulayan şagirdlərin sayı günbəgün artır. Uşaqlar üçün əsərlərini eşitmək şəraiti də yaratmışıq ki, bu, əslində onlar üçün böyük stimuldur. Şagirdlərin Dövlət Kamera Orkestrini özləri üçün laboratoriya hesab etmələrinə icazə verərək, müəllimlərinin məsləhət gördükləri, maraqlı əsərləri ifa edəcəyimə söz vermişəm. Artıq konsertlərimizdə bu, ənənə halını almağa başlayıb. Mən inanıram ki, gələcəkdə bizim məktəbimiz Azərbaycan bəstəkarlıq məktəbi üçün layiqli simalar yetişdirəcəkdir.

 

  - Qısa müddətlik rəhbərlik dövrü ərzində çoxsaylı tədbirlər və möhtəşəm hesabat konsertləri keçirmisiniz. Bu barədə məlumat verərdiniz.

 

  - Filarmoniyada Kamera orkestri ilə birgə iki dəfə konsertimiz keçirilib. Ümumi hesabla bu 2 konsertdə 40'a qədər uşaqların təkrarsız çıxışları izlənilib. Dahi vokalçı Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr olunmuş Muğam Mərkəzində keçirilən Musiqi Festivalında məktəbin xalq çalğı alətləri şöbəsinin istedadlı şagirdlərinin ifaları nümayiş etdirilmişdi. Mənim üçün may ayının sonunda Respublika gününə həsr olunmuş Alman –Azərbaycan Mədəniyyət Mərkəzi – Kapellhausda keçirilən konsert çox əhəmiyyətli idi. Çünki uzun müddət fəaliyyəti zəiflədilmiş nəfəs alətləri, alt və violonçel aləti ifaçıları, eləcə də pianoçular bu konsertdə çox uğurla çıxış etdilər.

 

  Konsertlərdən sonra onların simalarındakı xoşbəxtliyi görmək bilirsiz necə sevindiricidir?! Bizim məqsədimiz təkcə müsabiqələrdə və festivallarda çıxış edərək yer qazanmış uşaqları nümayiş etdirmək deyil, həmçinin digər uşaqlarda da stimul yaradaraq onları ruhlandırmaqdır.

 

  - Şagirdlərin Respublika və xaricdə qazandığı nailiyyətlər barədə nə deyə bilərsiniz?

 

  - Biz şagirdlərimizin Azərbaycan mədəniyyətini gələcəkdə uğurla təmsil etmələri üçün əlimizdən gələn şəraiti yaratmağa çalışırıq və bunun müqabilində gözlədiyimiz nəticələri əldə edirik. Bir sıra şagirdlərimizin 2011 -2012 –ci tədris ili ərzində yerli və xarici Festival və müsabiqələrdəki çıxışları haqqında daha dəqiq informasiya verə bilərəm. Məsələn, Estoniyanın Narva şəhərində keçirilən gənc ifaçıların F.Şopen adına IX Beynəlxalq müsabiqəsində Prezident təqaüdçüləri Rüstəm Zeynalov(XI sinif, piano) müsabiqənin Qran-pri mükafatına və Nərmin Nəcəfli (IX sinif, piano) I mükafata və F.Şopen institutun xüsusi diplomuna layiq görülmüşdür. Prezident təqaüdçüsü, Vurğun Vəkilov (VIII sinif, piano) İtaliyada keçirilmiş VIII “Citta di Pesaro” Beynəlxalq müsabiqəsinin qalibi olmuş, digər Prezident təqaüdçümüz Ceyla Seyidova (XI sinif, skripka) - Belçikada keçirilən beynəlxalq müsabiqə I yer qazanmışdır. Emil Bağırov (X sinif, klarnet) Y.Başmetin “Gənc istedadlar” festivalı və V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” Festivalında uğurla iştirak etmişdir. Nəzrin Aslanlı(XI sinif, skripka) Türkiyədə keçirilən kamera ansamblı müsabiqəsində çıxış edərək III yerə layiq görülmüşdür. Aytən İbrahimova (VIII sinif, skripka) - İslam dövlətlərinin I Beynəlxalq Müsabiqəsində I yerə layiq görülmüş, V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” Festivalında uğrula iştirak etmişdir. Nəzrin Abbaslı (fortepiano) Maxaçqalada keçirilən beynəlxalq festivalda Qran Pri mükafatçısı olmuş, Gənclər və İdman Nazirliyinin təşkiletdiyi “Hünər” vətənpərvərlik Festivalında çıxış edən xanəndə Səidə Babışova(VIII sinif) Diplomla təltif olunmuşdur. V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” Festivalında İsmayıl Zülfüqarov (X sinif, tar) uğurla çıxış etmiş, Müstəqilliyimizin 20 illiyinə həsr olunmuş Respublika müsabiqəsınin qalibi olmuşdur. Bir neçə gün əvvəl isə Gənc Pianoçuların II Respublika müsabiqəsində X sinif şagirdi Lalə Hüseynzadə I yerə layiq görülmüşdür.

 

  - Bülbül adına OİMM şagirdləri hansı tələblər üzrə qəbul edir və musiqi ilə məşğul olmaq üçün bu sahəyə meylli olan uşaqdan nə tələb olunur?

 

  - Məktəbə qəbul olmaq istəyənlərin qarşısına qoyduğumuz məsələ ilk növbədə ixtisas və musiqi fənnləri üzrə hazırlıqlı olmalarıdır. Qəbul imtahanını təkcə mən deyil, məktəbin professional müəllimlərindən ibarət komissiya keçirir. Bu sahə üzrə ixtisaslaşmaq istəyənlərdən ritm, eşitmə qabiliyyəti,musiqi yaddaşı və mənəvi gözəllik tələb olunur. Əgər eşitmə qabiliyyəti orta səviyyədədirsə, onu inkişaf etdirmək olar, əgər ritmlə bağlı problem varsa, onda qəti surətdə musiqi ilə məşğul olunmamalıdır.Eyni zamanda uşaqda 99 % əməksevərlik və 1 % bacarıq olmalıdır. Musiqi aləminə qatıldıqdan sonra isə bir qədər sərbəstlik əlavə olunmalıdır, çünki səhnə utancaqlığı sevmir.

 

  - Sizcə, müasir dövrdə kadr ehtiyacı duyulan ifaçılıq sahələrindəki vakant yerlər üçün Bülbül adına məktəb önəmli baza rolunu oynayacaqmı?

 

  - Rəhbərlik etdiyim Dövlət Gənclər Simfonik Orkestri ifaçı çatışmamazlığı səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı. Lakin indi hətta bir il belə nəfəsli alət ifaçılığı ilə məşğul olan şagirdləri bu orkestra daxil edirəm. Bu günün gəncliyi sabahın professionallarıdır. Rəhbərlik edəcəyim müddətdə bu məqam daim inkişafda olacaq.Bilavasitə orkestrla əlaqəli olduğumdan hansı alətlərə ehtiyac olduğunu daha aydın görürəm. Bu baxımdan vəziyyəti stabilləşdirməyi qarşıya məqsəd qoymuşam.Mənim məktəbə gəldiyim dövrdə 80 vokalçı vardı. Nəzərə alsaq ki, oğlanlarda 14 -18 yaş aralığı səsdəyişmə dövrüdür və 8 -11 –ci siniflərə təsadüf edir, bu dövrdə onlara ifa etməyə icazə verilmir. Sizcə bu qədər vokalçının olması nə dərəcədə düzgün idi?! Bu problemi aradan qaldırmaq üçün yalnız istedadı olan uşaqlara nəfəsli alətlərdə ifaçılıqla məşğul olmağa şərait yaratdıq. Hal –hazırda nəfəsli alətlər ifaçılığı ilə məşğul olan uşaqların çoxu əvvəlki vokalçılardır. Məktəbdə 2 valtorna ifaçısı var və hər ikisi qızdır.

 

  Bizim ali məktəbə qəbul dövrümüzdə Bülbül adına Orta İxtiasas Musiqi Məktəbinin məzunu olmaq birmənalı olaraq fərqlilik yaradırdı və müəllimlər daha çox bu məktəbin məzunlarını öz siniflərinə qəbul etməyə maraqlı idilər. Məktəbin qeyri – sağlam fəaliyyət dövrü birbaşa olaraq Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə ehtiyyatına da mənfi təsir göstərmişdi. Akademiya kadr kasadlığı baxımından şikayətçi idi. Ancaq biz yaxın zaman ərzində bu boşluğu dolduracağımızdan əminik. Ali məktəb üçün elmli, professional tələbə hazırlamaq bizim borcumuzdur.

 

  - Gələcəkdə Bülbül adına məktəblə bağlı hansı planlar nəzərdə tutulur?

 

  - Qarşıya qoyduğu məqsəd 5 il müddətində məktəbin bütün yaradıcı, qeyri–yaradıcı problemlərini həll etmək, onu əvvəlki “qızıl dövr”ünə qaytarmaqdır.

 

  2012 –ci ili İ.Haydn, N.Paganini və F.Əmirovun yubiley ili kimi nəzərimizdə tutmuşuq. Bununla əlaqədar ilin sonunadək mütləq şəkildə adıçəkilən bəstəkarlara həsr olunmuş Festival və Müsabiqələr keçirəcəyik. Prezidentin sərəncamı ilə 2012 – ci ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan F.Əmirovun yubiley tədbirində məktəbimiz də fəal iştirak edəcək.

 

  2013 –cü ildə isə bütün qüvvələrimizi toplayaraq Heydər Əliyevin 90 illik yubileyini layiqli şəkildə keçirməyə hazırlaşırıq. Bununla əlaqədar da Festival, Müsabiqə və çoxsaylı tədbirlərin planı nəzərdə tutulub. H.Əliyev incəsənətə böyük diqqət ayıran şəxsiyyət olmuşdur. İlk Prezident təqaüdçüləri, “Qızıl kitab”ın yaradılması məhz onun adı ilə bağlıdır. Rəhbərliklə yanaşı, biz – incəsənət insanları Azərbaycan mədəniyyətinin belə səviyyədə dünyada tanınmasına görə birbaşa məhz Heydər Əliyevə borcluyuq.

 

Musiqişünas AYBƏNİZ MƏMMƏDOVA

 



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.