2015-ci il dekabr ayının 05-15 tarixlərində Rusiyanın Novosibirsk şəhərində gənc ifaçıların P.İ.Çaykovksi adına XI beynəlxalq müsabiqəsi keçirilmişdir. XI Beynəlxalq müsabiqə P.İ.Çaykovskinin anadan olmasının 175 illiyinə həsr olunmuşdur. Fortepiano, violin və violonçel nominasıyaları üzrə 23 dövlətdən 130 gənc ifaçı müsabiqədə iştirak etmək hüququnu qazanmışlar. Münsiflər heyətinə Moskva Konservatoriyasının professorları V.Ovçinnikov ( fortepiano), S.Kravçenko (violin), T. Çaykovskaya (violonçel) sədrlik edirdi. Azərbaycanı bu müsabiqədə Bülbül adına orta ixtisas musiqi məktəbinin X sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı violin ifaçısı Ləman Əsədova təmsil edirdi. Ləman Əsədova Müsabiqədə uğurla çıxış etmiş, müsabiqənin "Ümid" diplomuna layıq görülmüşdür. Gənc violin ifaçısı P.İ.Çaykovskinin "Vals skertso" əsərini Novosibirsk konservatoriyası və A.Kats adına Konsert zalında keçirilən konsertdə ifa etmişdir. Ləman Əsədova Mina Aslanovanın sinfində təhsil alır.