2014-cü il 25-30 avqust tarixlərində Sankt-Peterburqda görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların V Beynəlxalq müsabiqəsi və ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş Kamera Musiqisi Beynəlxalq Müsabiqəsi keçirilmişdir. Dünyanın 11 ölkəsindən 147 gənc vokalçının qatıldığı bu nüfuzlu müsabiqədə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Çinarə Əzimova və Sona İsgəndərli təmsil edirdilər. Müsabiqənin münsiflər heyətinə zəmanəmizin görkəmli musiqiçiləri Xuan Pons (ispaniya), Beatris Parra (Ekvador), Bruno Pratiko (İtaliya), Miqel Lerin (İspaniya), Makvala Kasraşvili (Rusiya), Qalina Pisarenko (Rusiya), Ruzanna Lisisian (Rusiya) dəvət olunmuşdular.
Azərbaycanlı ifaçılar müsabiqədə böyük uğura imza atmışdılar. Belə ki, VII sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Əzimova Çinarə münsiflər heyətinin qərarı ilə II yerə layiq görülərək laureat adını qazanmışdır. VIII sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı İsgəndərli Sona isə müsabiqənin diplomantı adına layiq görülmüşdür. Sentyabr ayının 1-də D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında keçirilən Qaliblərin təltif olunma və yekun konsertində Əzimova Çinarənin çıxışı böyük maraqla qarşılanmışdır. Hər iki vokalçının müəllimi Sənətçünaslıq namizədi İradə xanım Xəlilovadır.