aze | rus | eng



Gələcəyin ulduzları

 Aprel ayında Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə “Gələcəyin ulduzları” adlı layihədə iştirak etmək təklif edilmişdir.
Layihənin məqsədi ölkələrarası mədəni əlaqələrin inkişafı, gənclər və yeniyetmələr arasında yaradıcı münasibətlər formalaşdırmaqdan ibarət olmuşdur.
Bu layihənin reallaşdırılması Bülbül adına orta ixtisas musiqi məktəbinə həvalə olunmuşdur. Layihənin tələblərinə görə, yaşı 14-dək olan 2 ifaçı Tbilisi Konservatoriyasının “Grand Hall”nda 25 dəqiqəlik solo proqramla çıxış etməli idi.
Konsertdə iştirak etmək üçün Bülbül adına orta ixtisas musiqi məktəbinin VII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova (fortepiano) və IX sinif şagirdi, respublika müsabiqələri laureatı Cəmilə Əsgərzadə (skripka) seçilmişdir. Bu konsertdə, həmçinin iki gürcü ifaçının da iştirakı nəzərdə tutulmuşdu.
Bülbül adına orta ixtisas musiqi məktəbindən AzərTAc-a bildirmişlər ki, konsertdə ölkəmizi təmsil edən ifaçıların hər ikisi böyük uğurla çıxış edərək dinləyiciləri heyran qoymuşdur. Pianoçu olmasına baxmayaraq, həm də skripka aləti ifaçılığı ilə məşğul olan Leyla Zeynalovanın ilk çıxışı heyrət doğurmuşdur. Tamaşaçılar əvvəlcədən elan olunduğu kimi, pianoçunun ifasını gözlədikləri halda, Leyla səhnəyə skripka ilə çıxaraq A.Həşimov- A.Əliyevin “Bayatı-Şiraz”ını səsləndirmişdir. Sonra isə fortepiano arxasına keçərək Q.Qarayevin və F.Şopenin əsərlərini ustalıqla ifa etmişdir.
Digər azərbaycanlı skripkaçı Cəmilə Əsgərzadənin ifasında G.Venyavskinin, P.Sarasatenin, A.Bazzininin əsərləri, həmçinin A.Həşimov- A.Əliyevin “Şur” simfonik muğamı yüksək səviyyədə səslənərək tamaşaçıların sürəkli alqışlarına səbəb olmuşdur.
Hər iki ifaçı tamaşaçıların xahişi ilə yenidən təkrar səhnəyə dəvət olunmuşdur.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.