aze | rus | eng



“Zəhmətkeş qarışqa” - İncəsənət

“Zəhmətkeş qarışqa” - İncəsənət
Leyla Zeynalova: “Gərək beynəlxalq müsabiqələrdə başqalarından beş baş üstün olasan ki, sənə göz yuma bilməsinlər”Uzun hörüklü, iri qara gözlü müsahibim səhnədə öz həyəcanını cilovlamağı bacaran Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalovadır. Leyla özünə söz verib ki, sevimli qəhrəmanı Ovod kimi möhkəm iradəli olacaq.

14 yaşlı Leyla Zeynalova fortepiano üzrəBülbül adına Orta İxtisas Məktəbinin 9-cu sinfində təhsil alır. O, müəllim və yoldaşlarının sevimlisidir. Leyla 2008-ci ildə peşəkar musiqiçi olmaq arzusu ilə Bülbül adına məktəbə gəlib və o vaxtdan Əməkdar müəllim Dilarə Mirzəquluyevanın sinfində fortepiano ixtisası üzrə təhsil alır. Çox maraqlıdır ki, Leyla musiqi təhsili aldığı illər ərzində bir çox konsertlərdə fortepiano ilə paralel skripkada da uğurlu çıxışlar etmiş,hətta skripka üzrə respublika müsabiqəsi laureatı olmuşdur. Skripka ixtisası üzrə o, Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil almışdır.

2014-cüilin aprel ayında Tbilisi Dövlət Konservatoriyanın böyük zalında solo proqramla çıxış edərkən, Leylanın hər iki alətdə məharətlə ifa etməsi tamaşaçıları çox heyrətləndirmişdi. Bu uğurlu konsert haqqında bizə Bülbül adına məktəbin musiqi işləri üzrə direktor müavini Aytən xanım danışdı. O, Leylanın qardaşı Prezident təqaüdçüsü Rüstəm Zeynalovun da Bülbül adına məktəbin məzunu olduğunu qeyd etdi.

Bir ailədə doğulub tərbiyə almış bu iki istedadlı gənc neçə illərdir ki, Avropa ölkələrində keçirilən bir çox beynəlxalq festival və müsabiqələrdə Azərbaycanı ləyaqətlə təmsil edir, öz yüksək səviyyəli çıxışları ilə möhtəşəm zallarda tamaşaçılarınsürəkli alqışlarını qazanırlar. Ancaq bu müvəffəqiyyət heç də asan başa gəlmir, onun arxasında çox böyük zəhmət durur. Bunu Rüstəmlə Leylanı tanıyan hər kəs yaxşı bilir. Leylanın anası Mehparə xanım qızını “mənim zəhmətkeş qarışqam” adlandırır.


- Başlayaq fortepianoya olan marağından. Nə zamandan hiss etdin ki, sən pianoçu olmaq istəyirsən? 

- Bildiyiniz kimi, qardaşım Rüstəm Zeynalov da pianoçudur. O, hazırda Sankt-Peterburq Dövlət Konservatoriyasında təhsil alır. Uşaq yaşlarımdan evdə klassik musiqi eşitmişəm. Qardaşımla mən ilk musiqi təhsilimizi Bakıxanov qəsəbəsində yerləşən 4 nömrəli Uşaq Musiqi Məktəbində almışıq. İlk müəllimimiz isə Cənnət Matkazina olmuşdur. Bizdə musiqi istedadının olduğunu ilk dəfə Cənnət müəllim hiss edib. Sonra isə Rüstəmlə mən təhsilimizi Bülbül adına məktəbdə davam etdirmişik.

- Qardaşınla hər hansı bir əsəri birgə ifa edirsənmi?

- Hərdən olur. Çox vaxt mən ifa edəndə o mənim nöqsanlarımı deyir, məsləhət verir. Bəzən aramızda mübahisə düşür (gülür). Hər ikimizin əsərləri böyük olduğu üçün çox iş tələb edir. Buna görə çox kiçik olmasına baxmayaraq, mənzilimizdə iki pianino var. 

- Bir evdə iki pianoçu varsa, demək ki, o evdən daima musiqi səsi eşidiləcək. Belə olan halda qonşular sizdən şikayət edirlərmi?

- Qonşularımız çox yaxşı insanlardır. Məhəlləmizdə bilirlər ki, biz musiqi ilə məşğuluq. Hətta elə olub ki, bizim evdə sakitlik olduğunu görüb, anama zəng edib maraqlanıblar ki, uşaqlar niyə çalmır. 

- Gələcək hədəflərin nələrdir? 

- Gələcəkdə yüksək səviyyəli musiqiçi olmaq istəyirəm. Peşəkar pianoçu olmaq, respublikamızı dünyada təmsil etmək ən böyük arzumdur. Qarşıma məqsəd qoymuşam ki, ali təhsilimi Avropa və ya Rusiyada davam etdirim. İnandığım, peşəkar musiqiçilərdən ustad dərsləri almağı düşünürəm. Hədəflərim böyükdür.

- Musiqiçi olmaq qərarı verən hər bir adam bu peşənin gəlirliolmadığını bilir. Musiqi sahəsini seçərkən bunu nəzərə almısanmı?

- Ola bilsin, bu peşənin əziyyəti qazancından çoxdur. Ancaq bu, hər yerdə belə deyil. Əgər sən peşəkar olsan, sənə hər zaman tələbat olacaq. Təhsilimi bitirdikdən sonra müəllim kimi də fəaliyyətimi davam etdirə bilərəm. Savadlı, peşəkarmüəllimə hər zaman tələbat var. Bu işdəhəm istedad, həm zəhmət, həm də qismət rol oynayır. 

- Böyük səhnələrə çıxanda həyəcan keçirirsənmi?

- Əlbəttə, hər dəfə səhnəyə çıxanda həyəcan keçirirəm. Həyəcan məsuliyyətin nəticəsidir. Beynəlxalq müsabiqələrdə daha həyəcanlı oluram. Çünki mən vətəndən kənarda ölkəmi təmsil edirəm. Müsabiqəyə 200 faiz hazır olmaq lazımdırki, səviyyəli çıxış edib nəticə əldə edəsən. Orada öz doğma məktəbimi, müəllimlərimdən öyrəndiklərimi nümayiş etdirirəm. Uğur qazandıqdan, az-çox tanındıqdansonra hamı səndən nəticə gözləyir. Daha çox uğur, daha gözəl əsərlər... Məsuliyyət hissi insana həyəcan gətirir. Ancaq buna baxmayaraq, heç zaman həyəcan mənim işimə mane ola bilməyib. Məktəbdə müəllimlərim, dostlarım mənə inanır, məndən böyük nailiyyətlər gözləyirlər. 

- Bəs səni yaşıdlarından fərqləndirən nə oldu?

- Çox çalışmağım. Mən günümün çoxunu çalmaqla keçirirəm. Müsabiqələrə gedən ərəfələrdə isə günümün 8-9 saatını çalışıram. Çünki öz işinin peşəkarı olmaq üçün çox çalışmalısan.Qatıldığım müsabiqə və festivallar çox yüksək səviyyəli olub. Orada zəif ifaçılar yer ala bilmir, gərək beş baş digərlərindən üstün olasan ki, sənə göz yuma bilməsinlər. Bunun üçün də mən əlimdən gələni edirəm. 

İlk dəfə beynəlxalq müsabiqəyə 2014-cü ildə qatılmışam. O zaman 12 yaşım var idi.F. Şopenin yaradıcılığına həsr olunmuş müsabiqə Estoniyanın Narva şəhərində keçirilirdi.Qardaşım Rüstəm 2012-ci ildə həmin müsabiqənin “Qran Prix” mükafatı laureatı olmuşdu. Həmin müsabiqədə mən ikinci yer tutdum. Keçən il isə Tallində“Young musician - Tallinn 2015” adlı beynəlxalq müsabiqədə iştirak etdim. Orada “Qrand-Prix” mükafatına layıq görüldüm. Tallində birinci turu solo çaldım, ikinci turda isə orkestrlə Motsart konsertini ifa etdim. On gün əvvəl Belçikada keçirilən “13th rencontres Internationales des Jeunes Pianistes” beynəlxalq müsabiqəsində I yerə layiq görüldüm. Qeyd edim ki, bu müsabiqə EPTA – Avropa Fortepiano Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilmişdi. Müsabiqədə 21 ölkədən 54 gənc pianoçu iştirak edirdi.

Mənim üçün çətin məqam odur ki, beynəlxalq müsabiqələrə hər kəs müəllimi ilə qatılır. Mən isə xaricdə keçirilən beynəlxalq müsabiqələrə müəllimsiz getməli oluram. 

- Piano ifa edərkən nə düşünürsən? 

- Əsasən ifa etdiyim musiqini, onun xarakterini düşünürəm. Bəstəkarın yaşayıb yaratdığı dövrün abu-havasını, o zamanın obrazlarını təsəvvür edirəm. Musiqi insanın daxilini çox zənginləşdirir. 

- Ən çox sevdiyin bəstəkarlar və əsərlər?

- Azərbaycan bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə. Öz musiqimizi çox sevirəm. Bizim çox gözəl bəstəkarlarımız var. Onların əsərlərini sevərək ifa edirəm. Xarici bəstəkarlardanisə Bethoven, Şopen və Prokofyevi çox sevirəm. Operanı çox sevirəm.Moskvada Bolşoy Teatrda Con Krenkonun “Yevgeniy Onegin” baletine baxmışam. Sankt-Peterburqun Mariinsk Teatrında Şostakoviçin “Mtsensk vilayətinin Ledi Maqbeti” və Prokofyevin “Monastrda nişan” operalarına tamaşa etmişəm.O möhtəşəm anları heç vaxt unuda bilmərəm. 

- Nəzəriyyə ilə aran necədir? Ümumiyyətlə, məktəb dərslərini necə oxuyursan?

- Nəzəriyyəni sevirəm. Ən çox sevdiyim fənn musiqi ədəbiyyatı və harmoniyadır. Mənim üçün əsas musiqidir. İngilis dili və riyaziyyat fənlərini də çox sevirəm. Məktəbimizin yanında Maksim Qorki adına kitabxana var. Mütəmadi olaraq kitabxanaya gedir, imkan tapdıqda bədii kitab oxuyuram. Evdə vaxtım olmadığı üçün daha çox metroda, nəqliyyatda mütaliə edirəm.


- Fortepianodan başqa hansı musiqi alətini sevirsən?

- 6 il skripka ilə məşğul olmuşam. Skripkadakı ifama görə respublika müsabiqəsi laureatı adıqazanmışam. Münsiflər heyətinin sədri hamımızın sevimlisi Teymur Göyçayev idi. Onun mənim ifamı belə yüksək qiymətləndirməsi mənim üçün çox vacibdir. Teymur müəllim musiqi sahəsində çox yüksək səviyyəli peşəkardır.

İki aləti paralel aparmaq çətin olduğu üçün qərar verdik ki, pianinonu əsas, skripkanı isə fakültativ dərs kimi seçim. Hesab edirəm ki, fortepiano ilə daha çox inkişaf edə bilərəm. Musiqiçi olmaq çox gözəl və şərəflidir. Stanislavskiy demişdir: “İncəsənət qurbanlar tələb edir.” Ancaq çəkdiyimizəziyyətin nəticələrini də görürük. Valideynlərim qardaşıma və mənə hər işimizdə dəstək olur, seçdiyimiz peşənin çətinlik və məsuliyyətini bizimlə bərabər daşıyırlar.

Xəyalə Rəis "> "> "> "> "> 

 



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az