Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında , Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 15 yaşlı istedadlı pianoçusu Aydan Nuriyevanın ilk solo konserti keçirildi.
Konsert boyunca Aydanın ifasında F. Şopen 1 nömrəli Böyük Parlaq Vals (op.34), L.V.Bethoven 8 nömrəli Patetik sonata c moll( op.13), R.Şuman Fantastik pyeslər silsiləsindən "Axşam"( op 12), "Cəhd"(op12),və S. Prokofyev 2 nömrəli sonata d moll (op.14)kimi dahilərin əsərləri səsləndi. Onun texniki ustalığı, emosional zənginliyi və musiqiyə fərqli yanaşması zalda əyləşən hər bir tamaşaçının qəlbinə toxundu. Hər bir akkord sanki bir nağıl kimi səhnədən yayıldı.
Gecənin qonağı kimi gənc skripkaçı Elmira Dadaşova da səhnəyə çıxdı və pianoçu İrina Mehdiyevanın müşayiəti ilə P.İ.Çaykovskinin " Düşüncə"əsərini səsləndirdi. Bu ifa da tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.