2014-cü il yanvarın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun “İçərişəhər” Tarix Muzeyi, Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birgə 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra “İçərişəhər” Tarixi Muzeyinin direktoru Ceyhun Ağakişibəyli, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev çıxış etmişlər. Muzeyin şöbə müdiri Xanım Abdinova “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda və “İçərişəhər” tarixi qoruğunun şöbə müdiri Nahidə Bəkirova çıxış etmişlər. Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin - Prezident təqaüdçüləri Vurğun Vəkilov və Atabəy İsmayılov, Beynəlxalq müsabiqələr laureatları Çinarə Əzimova, Mərziyyə Hüseynova, Respublika müsabiqəsi laureatları Zərifə Alxazova, Nəzrin Abbaslı, Fatimə Əliyeva, Nərminə İsmayılova, İzzət Peçkurov, Ruslan Daşdamirovun ifasında konsert proqramı təqdim olunmuşdur.