2014-cü il dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına II Respublika müsabiqəsinin yekun konserti keçirilmişdir.
Tədbiri çıxış sözü ilə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini cənab Ədalət Vəliyev açaraq Azərbaycan professional vokal sənətinin banisi, Xalq artisti Bülbülün Azərbaycan incəsənətində rolu haqqında danışdı. Cənab Ədalət Vəliyev öz çıxışında keçirilən müsabiqənin əhəmiyyətini vurğulayaraq ifacılara gələcək sənət yollarında uğurlar arzuladı.
Daha sonra Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq Artisti Polad Bülbüloğlu səhnəyə çıxaraq iştirakçıları müsabiqədə uğurlu çıxışlarına görə təbrik etdi. O bildirdi ki, müsabiqələrdə əsas məram ifaçıların səhnəyə alışması, qələbə sevincini hiss etməsidir. Azərbaycan ifaçıları müxtəlif beynəlxalq müsabiqələrdə uğurla iştirak edərək Azərbaycanı layıqıncə təmsil edirlər. Cənab səfir laureatlara yeni yaradıcılıq sevincləri arzuladı.
Müsabiqənin təşkilat komitəsinin sədri, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev cıxışında müsabiqəyə olan böyük maraqdan danışdı. Azərbaycanın müxtəlif bölgələrindən 200-ə yaxın ifaçı müsabiqəyə qatılmışdır. Münsiflər heyətinin əsas məqsədi gənc istedadları aşkar etmək, onlara dəstək olmaqdır.
Sonra tədbir Milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına II Respublika müsabiqəsinin laureatlarının konsert proqramı ilə davam etdi.