Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Diplomatik Akademiyanın və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində dahi bəstəkar, doğum günü Milli Musiqi günü kimi qeyd olunan Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Musiqişünas, BMA-nın dosenti Leyla Zöhrabova ADA müəllim və tələbə heyəti qarşısında çıxış edərək Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından söhbət açmış, bəstəkarın əsərlərinin təhlilini vermiş, onun maarifçi, ədib kimi fəaliyyətindən də danışmışdır. Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Nigar Cəlilova və Məftun Səfərli "Leyli Məcnun" operasından Görüş səhnəsini məharətlə ifa etmişlər. Xanəndələri tarda Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev müşayiət etmişdir. Mərziyə Hüseynova "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını (fortepianoda müşayiət Rəfiqə Quluzadə), Nəzrin Abbaslı "Sənsız", Fatimə Əliyeva "Sevgili canan" romanslarının fortepiano işləmələrini böyük bacarıqla ifa etmişlər.