Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.
Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır.
1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” 1992-ci ildən Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul edilib.
1920-ci illərdə Xalq Maarif Komissarlığının musiqi şöbəsinə başçılıq edən Üzeyir Hacıbəyli musiqi təhsili müəssisələrinin təşkili və milli kadrların hazırlanması məsələləri sırasında musiqi məktəblərinə xüsusi yer ayırırdı.
1921-ci ildə Üzeyir Hacıbəyli tərəfindən Xalq Maarif Komissarlığının təqdim etdiyi proqramda musiqi təhsilinin 3 pillədən ibarət olacağı nəzərdə tutulurdu. 1926-1928-ci illərin islahat proqramlarında musiqi təhsilinin “üç pilləliyi” qəbul edilir.
I pillə - musiqi məktəbi – 4 il, 30-cu ildən 5 il;
II pillə - orta professional musiqi təhsili - 5 il;
III pillə - ali musiqi təhsili – Konservatoriya – 5 il
1928-ci ildə Azərbaycan Respublikasında aparılan islahatlar üzrə Xalq Maarif Komissarlığı tərəfindən yeni musiqi tədris sistemi işlənib qərarlaşdırılmışdı və bu ildən məktəbin tarıxı başlanır. 1961 - ci il Onillik musiqi məktəbi dövlətin qərarı ilə yeni statusla əvəz edilir, məktəb “Orta ixtisas musiqi məktəbi adlanır. Məktəbi 10 illik təhsil sistemi 11 illik təhsil sistemi ilə əvəz olunur.
1961- ci ildə Azərbaycanın opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artisti Bülbülün vəfatından sonra məktəb onun adını daşıyır. Təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan Bülbül adına orta ixtisas musiqi məktəbi Azərbaycanda özünəməxsus yeri olan tədris ocağıdır.