Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub.
Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir.
Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir.
Bu gün Bülbül adına Orta İxtisas Musiqi Məktəbində də Bilik Günü qeyd olundu. Yeni tədris ilinin ilk gününün gətirdiyi həyəcan və sevinc təhsil ocağının həyətinə toplaşan şagird və müəllim kollektivinin, həmçinin valideynlərin üzündən oxunurdu.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Təhsil ocağının direktoru Teymur Göyçayev tədbiri açaraq yeni tədris ilinin başlanması münasibətilə hər kəsi təbrik etdi. Məktəbin Bilik Günündə iştirak edən qonaqların gəlişinin şagirdlərin həyatında unudulmaz bir xatirəyə çevriləcəyini söyləyən direktor onlara öz təşəkkürünü bildirib.
Rəhbərlik etdiyi məktəb haqqında qonaqlara məlumat verən direktor ötən tədris ilində məktəbin 95 illik yubileyinə həsr olunmuş silsilə konsertlərin keçirilməsi, şagirdlərin il boyu respublika və beynəlxalq müsabiqələrdə iştirakı, məzunlarımızın ölkə və xarici universitetlərə, 2 şagirdimizin Qarabağ universitetinə qəbulu təhsil ocağı üçün yüksək nəticə olduğunu qeyd etdi.
Təbrik üçün söz musiqi işləri üzrə direktor müavini Rəna Vəzirovaya və Təlim-tərbiyə işləri üzrə direktor müavini Nigar Baxşiyeva şagirdləri,müəllimləri və valideyinləri bir daha yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək sağlam mühitdə keyfiyyətli yüksək təhsil nəticələri arzuladı
Sonda yeni dərs ilinin ilk zəngi çalındı. Birincilər müəllimləri ilə birlikdə məktəbəm daxil olaraq öz yerlərini tutdular.