aze | rus | eng



2014-cü il dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Milli musiqi alətləri ifaçıları və xanəndələrin  Bülbül adına II Respublika   müsabiqəsinin yekun konserti keçirilmişdir.

   Tədbiri çıxış sözü ilə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini cənab Ədalət Vəliyev açaraq   Azərbaycan professional vokal sənətinin banisi, Xalq artisti Bülbülün Azərbaycan incəsənətində rolu haqqında danışdı.  Cənab Ədalət Vəliyev öz çıxışında keçirilən müsabiqənin əhəmiyyətini vurğulayaraq ifacılara gələcək sənət yollarında  uğurlar arzuladı.

    Daha sonra  Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq Artisti Polad Bülbüloğlu səhnəyə çıxaraq  iştirakçıları  müsabiqədə uğurlu  çıxışlarına görə təbrik etdi. O  bildirdi ki,  müsabiqələrdə əsas məram ifaçıların səhnəyə alışması, qələbə sevincini hiss etməsidir.  Azərbaycan ifaçıları müxtəlif beynəlxalq müsabiqələrdə  uğurla iştirak edərək Azərbaycanı layıqıncə təmsil edirlər. Cənab səfir laureatlara yeni yaradıcılıq sevincləri arzuladı.

   Müsabiqənin təşkilat komitəsinin sədri, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev cıxışında müsabiqəyə olan böyük maraqdan danışdı. Azərbaycanın müxtəlif bölgələrindən 200-ə yaxın ifaçı müsabiqəyə qatılmışdır. Münsiflər heyətinin əsas məqsədi  gənc istedadları aşkar etmək, onlara dəstək olmaqdır.

    Sonra tədbir  Milli musiqi alətləri ifaçıları və xanəndələrin  Bülbül adına II Respublika   müsabiqəsinin laureatlarının konsert proqramı ilə davam etdi.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az