aze | rus | eng



SSRİ və Azərbaycanın Xalq artist,“Şöhrət”ordenli, “İstiqlal” ordenli,Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Professor Fərhad Bədəlbəyli -75 illik yubiley təbriki!
SSRİ və Azərbaycanın Xalq artist,“Şöhrət”ordenli, “İstiqlal” ordenli,Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Professor
Fərhad Bədəlbəyliyə
Çox hörmətli və sevimli Fərhad müəllim!
Yaşanmış illər davamlılığına görə deyil, mənasına görə qiymətlidir. Bu deyimdə böyük həqiqət var. O həqiqət həyatın mənasının yaşanmış illərin qədəri ilə deyil,görülmüş işlərin çəkisi, dəyəri,insanlara xidmətin böyüklüyü ilə ölçülməsi deməkdir. Məhz,həyat, hadisələr insanları seçir, görülmüş işlərimizi, əməllərimizi süzgəcdən keçirir, zaman bizə öz qiymətini verir.
Sağlığında qiymətləndirmənin zövqünü, qismətini yaşamaq hissi isə hamıya deyil, yalnız yaradan tərəfindən fitri istedadla mükafatlandırılan mənalı ömür sahiblərinə nəsib olacaq bir sərvətdir. Azərbaycan mədəni ictimaiyyətinin tanıdığı və sevdiyi belə xoşbəxt insanlardan , müasir ifaçılıq məktəbinin ən görkəmli nümayəndələrindən biri kimi sizdən Respublikamızın musiqi təhsili məkanında aparıcı mövqelərdə olan "Alma mater"iniz Bülbül adına orta ixtisas musiqi məktəbinin təbriklərini qəbul etmənizi xahiş edirik! Çoxşaxəli yaradıcı fəaliyyətiniz ilə musiqi mədəniyyətimizin tarixinə qızıl hərflərlə həkk olunmuş SSRI xalq artisti, ifaçı, pedaqoq, Bakı Musiqi Akademiyasının rektoru, professoru olan sizi 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, yenilməz yaradıcı ilham və stimul, daim heyran dinləyicilər arzulayırıq.
Ad gününüz mübarək, möhtəşəm pianoçu, yüksək və mükəmməl hisslərin, səslərin və notların insanı, əvəzedilməz musiqiçi və yaradıcı!
Siz hər zaman əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, vətənpərvər və müasir düşüncəli ziyalı kimi də xalqımızın hörmətini qazanmısınız. Səmərəli, məhsuldar və mənalı həyat yolunuz sənətə sonsuz bağlılığın və sədaqətin bariz nümunəsidir.
Doğum gününüz,yubileyiniz mübarəkdir, böyük musiqiçi və təkrarolunmaz sənət yaradıcısı!100 yaşayın!
Hörmətlə: Bülbül adına orta ixtisas musiqi məktəbinin yaradıcı kollektivi.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.