aze | rus | eng



Bayramınız mübarək, əziz müəllimlər!

   5 oktyabr -bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - müəllimlər peşə bayramını qeyd edirlər.   Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Məhz buna görədir ki, Birləşmiş Millətlər Təşkilatı XXI yüzilliyi “Təhsil əsri” elan edib.  Müəllim təhsildə əsas sima, aparıcı qüvvədir. Buna görə də müəllimlik bütün dövrlərdə və ölkələrdə ən şərəfli peşə hesab olunub, bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən,  hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.

Oktyabrın 4-də Bülbül adına orta ixtisas musiqi məktəbinin Böyük Zalında məktəbin şagirdlərinin iştirakı ilə bayram konserti keçirilmişdir. Konsertdə məktəbin müəllimi, musiqişünas Aybəniz Məmmədova ön sözlə çıxış edərək müəllimləri peşə bayramları münasibəti ilə təbrik etdi. Öz çıxışında Aybəniz Məmmədova məktəbin şərəfli tarıxindən, bu gün əldə etdiyi nailiyyətlərdən, bu uğurların əldə olunmasında müəllimlərin əvəzsiz rolundan danışdı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Əməkdar müəllim" Fəxri adına layiq görülən Namazova Gülarə xanıma bütün kollektivin təbriklərini çatdırdı.

   Konsertdə çıxış edən məktəbin direktoru, Xalq Artisti Teymur Göyçayev öz növbəsində məktəbin müəllimlərinin peşə bayramları münasibəti ilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzuladı.Tədbirdə iştirak edən, Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Ənvər İmanov təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan Bülbül adına orta ixtisas musiqi məktəbinin bu gün də ön sıralarda olduğunu vurğulayaraq, əldə olunan qələbələrdə müəllimlərin əməyinin əvəzsiz olduğundan danışdı.

    Konsert proqramında məktəbin şagirdləri Əzimova Çinarə, İsgəndərli Sona, Məlikli Orxan, Cəlilov Orxan, Hüseynova Mərziyə, Babışova Səidə, Sədrayeva Nisbət, Məsimov Nicat,  Abdullayev Hikmət, müəllimlərdən Quluzadə Rəfiqə, İmanov Şəhriyar, Əsədullayev Mirhüseyn,Dadaşov Ruhulla çıxış etdilər.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.