aze | rus | eng



V "Muğam Televiziya Müsabiqə"sində şagirdimiz I yerə layiq görüldü

    2015-ci il may ayinin 29-da   Heydər Əliyev Mərkəzində  V “Muğam televiziya müsabiqəsi”nin  yekun konserti keçirilmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagirdi, Respublika müsabiqələr laureatı Nisbət Sədrayeva müsabiqədə uğurla çıxış edərək   I yerə layiq görülmüşdür. Qeyd edək ki,   “Muğam  televiziya  müsabiqəsi” 2005-ci ildən başlayaraq Heydər Əliyev  Fondunun dəstəyi, Azərbaycan  Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan  Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə həyata keçirilir. V “Muğam televiziya müsabiqəsinə” Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə qatılan 500-ə yaxın namizəd arasından müsabiqədə iştirak etmək üçün 20 gənc ifaçı seçilmişdi. Gənc  ifaçıların çıxışları muğam sənətinin biliciləri – xalq artistləri Əlibaba Məmmədov, Arif  Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovun daxil olduğu münsiflər heyəti tərəfindən  qiymətləndirilib.

Nisbət Sədrayeva məktəbdə təhsil aldığı müddətdə bir çox müsabiqə və festivallarda iştirak etmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə  keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində I yerə layiq görülmüş, 2014-cü  ildə  Milli musiqi alətləri ifaçıları və xanəndələrin II Respublika müsabiqəsinin laureatı olmuşdur.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.